Nərmin Şahverdiyeva

Konfransa qoşulmaqla xilas etdiyiniz azyaşlılardan biri də həyat dolu olması ilə çoxlarımıza nümunə ola biləcək Nərmindir. Əminik ki, bir ailənin xoşbəxtliyində payınızın olması hər birinizi sevindirəcək.

Az rast gəlinən ürək qüsuru ─ Sinus düyünü zəifləməsindən əziyyət çəkirdi. Tez-tez huşun itməsi şikayəti ilə xəstəxanaya yerləşdirilməyi ilə ailə və dostlarından ayrılmalı olan Nərmin təkrar normal həyatına davam edə bilməsi üçün ən qısa zamanda müalicə olunmalı idi. Ailəsinin maddi durumu səbəbindən müalicəsi ertənən hər dəqiqə Nərminin həyatına təhdid idi. Nərminin həyati təhlükəli hesab edilən xəstəliyindən qurtulması üçün ailəsi bizə müraciət etdi. Və beləcə mümkün müalicə üsulları və yollarını araşdırmağa başladıq.

Həkim konsultasiyalarının nəticəsi kimi Nərmini ailəsi ilə birlikdə Türkiyəyə yola saldıq. Xüsusi nəzarət altında qalmalı olduğu üçün avia uçuş zamanı Nərminə mobil ambulator xidməti Mediclub Klinikası vasitəsilə təmin etdik. İstanbul şəhərində yerləşən Medipol Mega Universiteti Xəstəxanasına göndərdiyimiz Nərminə Prof.Dr. Cəlal Akdeniz Hoca tərəfindən baxış keçirildi və Nərmin xüsusi nəzarətə götürüldü. Müvafiq müayinə və təhlillərdən sonra Cəlal Hoca tərəfindən Nərmin üçün uzunmüddətli müalicə təyin edildi.

Uca Allaha həmd olsun ki, böyük məsuliyyət və həyəcan hisləri ilə anbaan izlədiyimiz bu xeyir işimiz də uğurla nəticələnir. Nərmin müalicəsinə başlamışdır və sağlamlığına addım-addım qovuşmaqdadır. Artıq həyati təhlükəsi bitmiş hesab olunur. Nərminin bundan sonrakı müalicə və mütəmadi müayinə xərclərinə də dəstək olmaqda davam edəcək, sağlamlığına qovuşmasında Allahın izni ilə daim yanında olacağıq.

Ümumilikdə 15,241.58 AZN vəsait ilə həyata keçirdiyimiz bu xeyir işimizin xərcləri müvafiq olaraq aşağıdakı kimi olmuşdur:

  • Aviabilet xərcləri (Nərmin, Nərminin ailə üzvləri və tibbi ambulator xidmət personalı üçün) – 6,005.00 AZN
  • Aviauçuş zamanı ambulator xidmət haqqı– 4,000.00 AZN
  • Xəstəxana xərcləri – 4,288.50 AZN (2,520.00 USD)
  • Dərman və dərman vasitələri xərci – 948.08 AZN.

Xəstələndiyimiz zaman bizə şəfa verən Uca Rəbbimizdir.

media
sənədlər