Ümid Ağazadə

“Dayaq” və Ümidin hekayəsi illər əvvəl başladı. Ümid anadangəlmə çənə qüsuru ilə bağlı nəfəs almaqda belə çətinlik çəkir və gecə boğulmaları olurdu. Ümidin müalicəsi üçün maddi durumu uyğun olmadığından ailəsi bizə müraciət etdi. Ailə ilə yanaşı biz də mümkün müalicə üsulları və yollarını araşdırmağa başladıq. Bəlli oldu ki, Ümidin çənə qüsurunu aradan qaldırmaq üçün tələb olunan cərrahi əməliyyat qardaş ölkə Türkiyədə reallaşdırıla bilər. Beləcə, uzun sürən bu yola başladıq.

Ümidin Türkiyəyə yola salınması, qonaqlama xərclərinin yüksək olması səbəbindən üz-çənə cərrahiyəsində kifayət qədər təcrübəli Prof.Dr.Mustafa Sancarla əlaqə saxlayıb Ümidin çənə qüsuru ilə bağlı mövcud vəziyyəti bildirdik. Müayinə sənədlərini incələyən Dr.Mustafa Sancar lazım olan cərrahi əməliyyatın reallaşdırılmağı üçün dəvətimizi qəbul edib Azərbaycana gəldi.

2022-ci ilin mart və avqust aylarında Vüqar Qurbanov və Rəşad Məmmədzadənin assistentliyi ilə professor Dr.Mustafa Sancar tərəfindən həyata keçirilən iki cərrahi əməliyyat sayəsində Ümidin anadangəlmə üz-çənə qüsuru aradan qaldırıldı. Bu cərrahi əməliyyatların nəticəsində Ümidin nəfəs alma ilə həyati problemi həll edildi, çənə qüsuru ilə bağlı estetik, funksional, həmçinin diksiyasında yaranmış problemlər də həll edildi. Artıq Ümid də öz yaşıdları ilə vaxt keçirə və dərslərinə davam edə bilir.

Beləliklə, Ümidin müalicəsi üçün ümumilikdə 38,366.00 AZN dəyərində işlər görülmüşdür. Qeyd olunan məbləğ Ümidin hər iki əməliyyatının xərclərini özündə əks etdirir.

Maddi vəsait hesabatına görülmüş işlər:

  • “Kls Martin distraktor” çənə aparatının alınmağı – 7,600.00 AZN (4,000.00 EUR);
  • Əməliyyatın həyata keçirilməyindən ötrü “Baku Medical Plaza”ya ödənilmiş analiz, klinika və digər tibbi xərclər – 2,179.00 AZN;
  • Cərrahi əməliyyatı həyata keçirən doktor Mustafa Sancarın hər iki əməliyyat üçün ölkəyə gəlməyi və gecələmə xərclərinin qarşılanmağı üçün: 2,877.00 AZN.

Könüllü xidmət və malların təmin edilməyi:

  • Cərrahi əməliyyat və əməliyyat sonrası müayinələr: 25,500.00 AZN (15,000.00 USD şərti qiymətləndirmə ilə);
  • Prosedur zamanı istifadə olunan 8 ədəd vintin təmənnasız təmin edilməyi: 210.00 AZN.

Müalicə ilə bağlı ilk işlər “I Stomatoloji Xeyriyyə Konfransı” keçirilmədən öncə görülmüşdür. Konfrans keçirildikdən sonra Ümidin səhhətinin qayğısına qalınmağı üçün xərclənən maliyyənin konfransdan toplanan vəsait hesabına xərclənməyi qərarı verilmişdir. Xərclənən məbləğin yalnız 1,330.00 AZN hissəsi Ümidin ikinci əməliyyatını reallaşdırmaq üçün Azərbaycana gələn Dr.Mustafa Sancarın yol və qonaqlama xərcləri üçün ayrılmışdır.

Ümidin anası Zülfiyyə xanım əməliyyatın baş tutmağından ötrü lazım olan məbləğin toplanmağına yardım edən hər kəsə, cərrahi əməliyyatı təmənnasız həyata keçirən həkimlərə, bir ana kimi təşəkkür edir.

Ümidin sağlamlığına qovuşmağı ilə bir ailənin xoşbəxtliyinə səbəb olan hərkəsə təşəkkür edirik!

Xəstələndiyimiz zaman bizə şəfa verən Uca Rəbbimizə həmd olsun.

media
sənədlər