Ata qayğısından məhrum Əlizaman kiçik yaşından “Moya-moya” adlanan nadir rast gəlinən, həyati riskli, serebrovaskulyar xəstəlikdən əziyyət çəkirdi. Bu xəstəliyə düçar olan şəxslərdə beyin damarları daralır, qıcolmalar, idarəolunmaz hərəkətlər, ünsiyyət problemləri, inkişaf geriləmələri, baş ağrıları, iflic halları müşahidə olunur.
Əlizamanın cərrahi əməliyyatı üçün lazım olan məbləğin toplanmağına ailəsinin maddi durumu imkan vermədiyi üçün bizə müraciət etdi. Ailəsi bizə müraciət edəndə Əlizaman artıq 2 dəfə insult keçirmişdi və ehtimal edilən növbəti insult isə həyati riskli idi. Müayinələr nəticəsində məlum olmuşdur ki, balaca dostumuzun sağlamlığına qovuşmağı üçün yeganə yol cərrahi əməliyyat olunmasıdır. Və beləliklə Əlizamanın cərrahi əməliyyat olunmağı üçün mümkün ehtimallar araşdırılmış, Türkiyənin “LİV” xəstəxanasında Prof. Dr. İlhan Elmacı tərəfindən indirekt revaskülarizasiya əməliyyatının reallaşdırılmağı üçün Türkiyəyə yola salınmış və əməliyyat uğurla baş tutmuşdur.
Artıq Əlizaman Azərbaycana − evinə geri dönmüşdür. Səhhətində ümumilikdə hər şey qaydasındadır və ailəsi ilə birlikdədir.
Əlizamanın həyatının xilas edilməsi üçün cərrahi əməliyyatın keçirilməyini əhatə edən layihəmizin başladıqdan bitdiyi tarixə qədər xərcləri:
- Aviabilet xərcləri: 1,535.00 AZN;
- Cərrahi əməliyyatın həyata keçirilməsi üçün ödəniş: 25,537.50 AZN (15,000.00 USD);
- Digər xəstəxana xərcləri: 5,580.79 AZN (3,278.00 USD);
- Dərman xərcləri: 336.21 AZN;
- Qonaqlama (otel) xərcləri: 2,043.00 AZN (1,200.00 USD);
- Ərzaq və digər gündəlik tələbat malları xərcləri: 337.23 AZN (3,587.54 TRY)
- Əməliyyat sonrası digər tibbi xərclərin qarşılanmağı üçün: 767,82 AZN (451.00 USD)
- Əməliyyat sonrası dövr üçün əlil arabasının alınması məqsədilə: 450.00 AZN
- Əməliyyat sonrası fizioterapiya üçün: 120.00 AZN olmaqla, ümumilikdə 36,707.55 AZN təşkil etmişdir.
Bu vəsaitin 4,436.00 AZN-i Əlizamanın sağalmağı üçün öncədən paylaşdığımız çağırış postlarımız zamanı toplanmışdır.
Beləliklə, azyaşlı dostumuz Əlizamanın müalicəsi məqsədilə konfrans büdcəsindən 32,271.55 AZN xərclənmişdir.
Əlizaman balamızın əməliyyatı ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı qəbz və sənədlərlə tanış ola bilərsiniz.
Xəstələndiyimiz zaman bizə şəfa verən Uca Rəbbimizə həmd olsun.