hesabat
I Stomatoloji Xeyriyyə Konfransı 2022
banner-img

Əziz dostlar,
Uca Allahın izni ilə böyük uğur və müvəffəqiyyətlə başa çatdırdığımız “I Stomatoloji Xeyriyyə Konfransı”-ın nəticələri haqqında Sizə böyük sevinclə hesabat vermək istəyirik.

Öncəliklə, bu konfransın böyük uğurla nəticələnməyinə görə bu işdə əməyi olan hər bir kəsə təşəkkürümüzü bildiririk.

  • Konfransın təşkilatçılığını təmin edən “Dayaq Xeyriyyə”-in idarə heyətinə - inzibati və idarəetmədəki xidmətlərinə görə;
  • Baş sponsor Caspident şirkətinə - mətbəə-poliqrafiya işlərindən tutmuş konfransın təşkilatçılığına qədər bütün sahələrdə göstərdikləri xüsusi qayğı və dəstəyə görə;
  • Tərəfdaşlarımız Adentta Azerbaijan , Odontos , “Denteca”, Sigmadent , Biotem İmplant Azerbaycan ,RealDent Group Companies , AzEstetik Dental ”, NovaDent, Asfarma Azərbaycan, “Stomatoloji Diaqnostika mərkəzi”, Axior Dent Azerbaijan ”-a - göstərdikləri maraq və verdikləri dəstəyə görə;
  • “Credo Group Event Technical Services MMC” şirkətinə, xüsusilə Nizami bəyə, Your Decor and Events Baku ” şirkətinə və xüsusilə Elmar bəyə - səhnə quruculuğu və avadanlıqların təmin edilməyində göstərdikləri təmənnasız xidmətlərinə görə;
  • “BADAMDAR ESTATES” MMC otelə və xüsusilə Rəci bəyə - uyğun şərtlər, güzəştli qiymətlərlə yüksək keyfiyyətli xidmətlərinə görə;
  • Konfransın moderatorları - Mahir Səfərov, Emil İmanov, Asif Arxməmmədov, Xəqani Hüseynov, Ramiz Cəlilov, Vüsal Tahirov, Səid Əhmədov, Teymur Məmmədova - konfransda təqdimatların reqlamentlərinə uyğun dissiplinin təmin edilməyinə və interaktiv idarə edilməyinə görə və Dr. Cabbar Həsənov-a - konfransda açılış nitqinə, xeyir duasına və verdiyi töhvələrə görə;
  • Konfransın spikerləri - Rəsul Nəsrəddinov, Elçin Abbasov, Əli Əsədov, Orxan Əliyev, Anar Kərimə - çox dəyərli və faydalı bilik, bacarıq və təcrübələrini tamamilə təmənnasız, böyük şövq və yüksək peşəkarlıqla təqdim etdiklərinə görə;
  • Konfransın dizayneri Həsən Əliyevə - güzəştli qiymətlərlə keyfiyyətli və özəl xidmətlərinə görə;
  • Konfransa maraq göstərib qeydiyyatdan keçən 364 iştirakçıya ayrı-ayrılıqda çox təşəkkür edirik.

Minnətdarlıq hissi ilə bildiririk ki,

  • spikerlərimizin konfransda tamamilə təmənnasız iştirakları eləcə də qonaqlama və nəqliyyat xərclərinin olmamağı;
  • otelin hostinq və qidalanma xərclərindəki endirimli qiymət;
  • səhnə quruculuğunun və avadanlıqların, mətbəə, poliqrafiya xərclərinin və digər xərclərin böyük qismindən azadolmalar nəticəsində konfransda toplanan gəlir 55968.00 AZN-dir.

Xüsusilə vurğulamaq istəyirik ki, 18:00-da bitməyi planlaşdırılan konfransın 19:30-a qədər davam etməyi onun elmi-texniki qayəsinə tam xidmət etdiyinin, yüksək marağa səbəb olmağının və faydalı olmağının göstəricisidir. Yeri gəlmişkən o saata qədər qalan iştirakçılara, spiker və moderatorlara da ayrıca təşəkkürümüzü bildiririk

Əldə olunan gəlirin xərclərinin təyinatı aşağıdakı cədvəldə rəqəmlərlə ifadə olunmuşdur.
Cədvəlin 3-cü sütunundakı linklərə daxil olaraq daha detallı məlumat əldə edə bilərsiniz.

Xərcin təyinatı Xərcin məbləği Hesabat linkləri
Nadir rast gəlinən ağır və həyati təhlükəli olan moya-moya xəstəliyindən əziyyət çəkən, xəstəliklə bağlı iki dəfə insult keçirmiş və növbəti insult riski olan 7 yaşlı Əlizaman Qocayevin indirekt revaskülarizasyon əməliyyatının reallaşması üçün 32 271,55₼ Linkə keçid edin
10 yaşlı Ümid Ağazadənin anadangəlmə üz-çənə qüsuru ilə bağlı nəfəs almağında yaranan həyati probleminin həll edilməsindən ötrü cərrahi əməliyyatının logistik xərcləri 1 330,00₼ Linkə keçid edin
8 yaşlı Ağa Baxşiyevin ürəkgetmə, hərəkət məhdudluğu kimi şikayətlərinin səbəbinin öyrənilməsindən ötrü WES analizinin (ekzom sekanslama) və 10 yaşlı Aynur Baxşıyeva və 1 yaşlı Ayxan Baxşıyevlərdən müvafiq analizlərinin götürülməsi üçün 2 056,00₼ Linkə keçid edin
5 aylıq Rüqəyyə Orucovanın hər iki gözünün Vitreoretinal Limbal Lensektomi-Vitrektomi cərrahi əməliyyatı üçün 5 000,00₼ Linkə keçid edin
Qardaş Türkiyədə yaşanan zəlzələ qurbanları türk övladları üçün 2 000,00₼ Linkə keçid edin
Hidrosefaliya, birtərəfli hipooarez, septomatik epilepsiya xəstəliyindən əziyyət çəkən 12 yaşlı Əbilzadə Həsən Anar oğlu üçün lazım olan "pumpa şunt" aparatının alınmasından ötrü 2 043,00₼ Linkə keçid edin
Autoimmun ensefalit xəstəliyindən əziyyət çəkən 9 yaşlı Yusif Turabova təyin olunmuş müalicə üçün 7 440,00₼ Linkə keçid edin
Qalıq məbləğ* 3.827,45*AZN

*Qalıq 3827,45 AZN yuxarıdakı cədvəldə adlarını qeyd etdiyimiz azyaşlı dostlarımız üçün cərrahi əməliyyat sonrası ehtimal edilən növbəti tibbi müdaxilələrin xərclərinin qarşılanmasından ötrü nəzərdə tutulmuşdur.


Qeyd edək ki, cədvəldə adlarını qeyd etdiyimiz azyaşlı dostlarımız hələ də xüsusi diqqətimiz və qayğımız altındadırlar. Onların cərrahi əməliyyatlarından sonra da əməliyyat sonrası və sağlamlıqları ilə bağlı digər xərclərinin qarşılanması da konfransdan toplanan vəsait hesabına ödənilməkdədir.